Nizam-İntizam Kodeksi

BAKI FUTBOL LİQASI

2019-2020

NİZAM-İNTİZAM KODEKSİ

1. Oyun qaydalarının pozulması.

1.1.  Oyunçu bir oyunda iki rəsmi xəbərdarlıq (iki sarı vərəqə) aldıqda meydandan qovulur, həmin oyunun qalan dəqiqələrində komandasına kömək edə bilmir və növbəti oyunu buraxır. Nizam-İntizam Komitəsinin qərarı ilə bu cəza artırıla bilər.
1.2.  Birbaşa qırmızı vərəqə aldığı təqdirdə meydandan qovulan oyunçu  həmin oyunun qalan dəqiqələrində komandasına kömək edə bilmir. Meydandan qovulan oyunçu meydanı əhatə edən zonadan kənarlaşmalıdır. Cəzalanan oyunçu minimum növbəti iki oyunu buraxır. Nizam-İntizam Komitəsinin qərarı ilə bu cəza artırıla bilər.
1.3. Bir oyunda alınan xəbərdarlıq (sarı vərəqə) oyunçunun digər oyunlarda aldıqları ilə cəmlənir.
1.4. İkinci sarı vərəqə və ya birbaşa qırmızı vərəqədən qovulan, həmçinin mövsüm ərzində dördüncü sarı vərəqəni alan oyunçu növbəti turda oynaya bilməz.

1.5. Hər hansı oyunçu meydandan qovulduğu təqdirdə komandası 10 dəqiqə azlıqda qalır. 10 dəqiqədən sonra komanda oyun protokolunda qeyd olunmuş başqa oyunçunu meydana daxil edə bilər.

1.6. Aqressiv davranışına, vulqar ifadələrdən istifadəsinə, meydanda və ya texniki zonada hər hansı qeyri-etik, kobud və qəbulolunmaz hərəkətlərinə görə qırmızı vərəqə alan oyunçu ciddi şəkildə cəzalanacaq. Hakimin raportu əsasında oyunçunun daha ciddi cəzalandırılması haqqında qərarı BFL Nizam-İntizam Komitəsi qəbul edir.

2. Müxtəlif qayda pozuntularına görə sanksiyalar.

2.1. Rəqibinə və ya tərəfdaşlarına qarşı intizamsız davranış – (10 manat)
2.2. Meydandan kənarlaşdırılmadan sonra intizamsız davranışın davam etdirilməsi – (20 manat)
2.3. Hakimin ünvanına ədəbsiz ifadələr və ya təhqir, hakimə qarşı fiziki cəhd etdikdə – 3 və ya daha çox oyun + (50 manat).

2.4. Rəqibin, hakimin və ya istənilən digər şəxsin ünvanına hədələr – (30 manat).
2.5. Hakimə qarşı fiziki təziq göstərdiyinə görə – 7 və daha çox oyun (zərbə, badalaq, tüpürmək və s.) + (150 manat)
2.6. Vətən Futbol Məktəbinin ərazisində baş verə biləcək hər hansı dava, ixtişaş, istənilən fərdə qarşı qəbulolunmaz davranış və ya hərəkət edildikdə – 7 və ya daha çox oyun + (150 – 200 manat)
2.7. 
Hakimin tələbi ilə oyunçunun meydanı və ya texniki zonanı vaxtında tərk etməməsi – (30 – 50 manat)
2.8. Cəzalı oyunçunun və ya komandada çıxış etmək hüququ olmayan oyunçunun oyunda iştirakı – komandaya texniki məğlubiyyət. Bu hal təkrar baş verdikdə texniki məğlubiyyətlə yanaşı 30 manat cərimə.

2.9. Bir yarışda alınan cəza digər yarışa aid deyil (liqa, kubok, superkubok və s.). Mövsüm bitdikdən sonra vərəqələr silinir, lakin Nizam-İntizam Komitəsinin hər hansı cəzası (oyuna buraxılmama, həmçinin pul cəzası) qüvvədə qalır.
2.10. Əgər kənarlaşdırılma müddətinə yenidən keçirilmə oyunu düşürsə onda kənarlaşdırılmış oyunçu həmin oyunu növbəti təqvim oyunu kimi buraxır.

2.11. Bu paraqrafda verilən oyun cəzaları səbəbkar və təqsirkar oyunçulara, pul cəzası isə komandaya şamil olunur. Komanda oyunçularının bir çoxu insidentdə təqsirkar hesab edilərsə, Nizam-İntizam Komitəsi tərəfindən qəbul ediləcək qərarla təqsirkar komandaya daha ciddi sanksiyalar tətbiq oluna və komandadan xal (xallar) silinə bilər.

2.12. Komanda BFL tərəfindən təyin olunan hər hansı pul cəzasını cəza elan olunan gündən sonra həmin həftənin cümə günü saat 22:00-a qədər tam şəkildə ödəməlidir. Əks təqdirdə komanda növbəti turun oyununa buraxılmayacaq və texniki məğlubiyyət alacaq (0-3). Ödənişlər elektron formada həyata keçirilir.

3. Komandaya İntizam sanksiyaları.

3.1. Komandanın oyun zamanı və ya oyundan sonra davada iştirakı – (100 manat).
3.2. Kütləvi qarışıqlığın təşkili və ya ona gətirib çıxaran istənilən digər təxribatçı hərəkətlər – (100 manat).
3.3. Rəqib və ya hakimlə oyun nəticəsinin saxtalaşdırılması barədə razılığa cəhd etmək – (150 – 200 manat).
3.4. İdman mübarizəsinin aparılma prinsipinin pozulması (oyun nəticəsi ilə bağlı rəqib ilə razılaşma və s.) – (Nizam-İntizam Komitəsindən ciddi cəzalar və 200 – 300 manat).
3.5. BFL nümayəndələrinə, hakimlərə və ya rəqib komanda üzvlərinə hər hansı  birbaşa hədə-qorxu, şantaj, rüşvət vermək və ya buna cəhd etmək halları baş verərsə – (200 – 400 manat).

4. BFL təşkilatçılarının qərarlarına apelyasiya, komandaya bildiriş və cəza çıxarılma qaydası.

4.1. Oyunçunun (və ya oyunçuların) kənarlaşdırma qərarını və cərimə sanksiyalarını BFL Nizam-İntizam Komitəsi qəbul edir və öz qərarında hazırki qanunları rəhbər tutur. Qərarlar www.bfl.az saytı vasitəsilə ictimaiyyətə təqdim olunur. Nizam-İntizam Komitəsinin çıxardığı qərar ilə razılaşmayan komanda yalnız öz kapitanı vasitəsilə qərar ictimaiyyətə təqdim olunandan sonra 24 saat ərzində apelyasiyaya müraciət edə bilər.  Müraciətlər yalnız info@bfl.az ünvanına göndərildikdə baxılacaq.

4.2. Oyunçunun və ya komandanın cəzalandırılmasında hakimin raportu əsas götürülür.

4.3. Situasiaya görə oyunçu və komandanın davranışları ilə bağlı Nizam-İntizam Kodeksində və Reqlamentdə müvafiq bənd yoxdursa, BFL Nizam-İntizam Komitəsi məsələni aydınlaşdıraraq əsaslı şəkildə müəyyən sanksiyalar tətbiq etmək hüququna malikdir (hər növ cəza).