FUTBOL OYUN QAYDALARI (8×8 FORMATI)

BAKI FUTBOL LİQASI

2019-2020

FUTBOL OYUN QAYDALARI (8×8 FORMATI)

(FİFA qaydaları ilə razılaşdırılıb)

1. Oyun meydanı və qapılar.

Ölçülər. Oyun meydanı düzbucaqlı olmalıdır. Yan xətt qapı xəttindən uzun olmalıdır. Yan xəttin uzunluğu minimum 60m, maksimum 80m. Eni minimum 35m, maksimum 45 m olmalıdır.

İşarələr. Oyun üçün meydan xətlər ilə işarələnməlidir. Bu xətlər məhdudlaşdırdıqları meydanın tərkibinə daxildir. Oyun üçün meydanı məhdudlaşdıran iki uzun xətt yan xətt, iki qısa xətt qapı xətti adlanır. Bütün xətlərin eni eyni olmalıdır və 12 sm-dən artıq ola bilməz. Oyun üçün meydan orta xətlə iki hissəyə bölünür, bu xətt üzərində meydanın mərkəzini göstərən nişan qoyulur.

Cərimə meydanı. Qapı dirəklərinin hər birinin daxili hissəsindən əks istiqamətdə qapı xətti üzərində 11 m məsafədə olan nöqtədən meydanın daxilinə qapı xəttinə düzbucaq şəklində olan 11 m uzunluğunda xətlər çəkilir, onlar qapı xəttinə paralel xətlərlə birləşdirilir. Bu xətlərlə məhdudlaşdırılmış sahə cərimə meydanı adlanır. Hər bir cərimə meydanının daxilində, dirəklərdən eyni məsafədə olan nöqtədən 10 m məsafədə 10 metrlik işarə edilir. Hər bir cərimə meydanının daxilində qapı meydanının xətləri işarələnir. (3m)

Nişan üçün istifadə edilən əşyalar. Meydanın hər bir küncünə bayraq dirəkləri sancılır. Dirəklərin üst səthi, iti uclu olmamalıdır.

Qapılar. Qapı hər bir qapı xəttinin mərkəzində yerləşdirilməlidir. Qapı, künc bayraqlarından eyni məsafədə olan iki şaquli dirəkdən və onları üstdən birləşdirən üfiqi tirdən ibarətdir. Dirəklər arasındakı məsafə 5.60 metr, tirin aşağı səthindən yer səthinə qədər olan məsafə 2.35 metrdir. Qapı dirəkləri və qapı tiri eyni genişliyə və dərinliyə malik olmalı və 12 sm-i aşmamalıdır. Qapı xəttinin eni dirək və tirin eninə bərabərdir. Tor qapının arxasından dirəklərə, tirə və yerə birləşdirilə bilər. Tor etibarlı bağlanmalı və elə bərkidilməlidir ki, qapıçıya mane olmasın. Qapı dirəkləri və tir ağ rəngdə olmalıdır.

Təhlükəsizlik. Qapı yerə etibarlı birləşdirilməlidir və ya möhkəm vəziyyətdə olmalıdır.

Beynəlxalq şuranın qərarları, FİFA

Qərar 1. Əgər qapı tiri sıradan çıxarsa, onu bərpa edənədək, yaxud yerinə quraşdıranadək oyun saxlanılır. Əgər onun bərpa edilməsi mümkün deyilsə, matç dayandırılmalıdır. Tiri əvəz etmək üçün kəndirdən istifadə etməyə icazə verilmir. Əgər tiri bərpa etmək olarsa, oyun “mübahisəli topla“ bərpa olunur.

Qərar 2. Tir və dirəklər ağacdan, metaldan və ya müvafiq standarta uyğun digər materiallardan hazırlanmalıdır. Onların en kəsiklərinin forması kvadrat, düzbucaq, dairəvi və ya ellips şəkilində olmalıdır; onlar oyunçular üçün təhlükəli olmamalıdır.

BFL-in qərarı.

Qərar 1. Hər iki qapıda torların olması, oyunun keçirilməsinin məcburi şərtidir.

2. Top.

Keyfiyyət və ölçülər. Top kürəvi formaya malik olmalıdır, dəridən və ya yararlı olan digər materialdan hazırlanır. Dairə boyu uzunluğu 70 sm-dən artıq və 68 sm-ən az olmamalıdır. Oyunun başlama anında 450 qramdan artıq və 410 qramdan az olmamalıdır. Təzyiq dəniz səviyyəsində 0.6-1.1 atmosfer (600-1100 qr./kv.sm) arasında olmalıdır.

Qüsurlu topun dəyişdirilməsi. Oyun müddətində top partlayıbsa və ya qüsurlu hala düşübsə oyun saxlanılır, oyun ehtiyat topla birinci topun qüsurlu hala düşdüyü yerdən “mübahisəli top” yolu ilə bərpa edilir. Əgər top oyunda olmadığı vaxt – başlanğıc zərbəsindən, qapıdan zərbə, künc, cərimə, sərbəst zərbə, 10 metrlik nöqtədən, yaxud yan xətdən oyuna daxil edilərkən partlayırsa və ya qüsurlu hala düşürsə oyun müvafiq qaydada bərpa olunur. Oyun müddətində top hakimin icazəsi olmadan dəyişdirilə bilməz.

BFL-in qərarı.

Qərar 1. Oyun topu BFL tərəfindən təqdim olunur. Topun yaralı olmasını hakim təyin edir.

3. Oyunçuların sayı.

Oyunçular. Matç iki komandanın iştirakı ilə qapıçı da daxil olmaqla, hər bir komandada  8 nəfərdən artıq oyunçu olmamaqla keçirilir. Hər hansı komandanın heyətində 6 nəfərdən az oyunçu olarsa , matç başlana və ya davam etdirilə bilməz.

Əvəzetmələrin sayı. Komandalara qeyri-məhdud sayda əvəzetmədən istifadə etmək icazə verilir. Əvəzedilmiş oyunçu təkrar matçın gedişində iştirak edə bilər.

Əvəzetmə proseduru. Əsas oyunçunun ehtiyat oyunçu ilə əvəz edilməsi üçün aşağıdakı şərtlər yerinə yetirilməlidir. Hər hansı əvəzetmədən əvvəl hakim məlumatlandırılmalıdır. Ehtiyat oyunçu ancaq əvəz edilən oyunçu meydanı tərk etdikdən və hakimin işarəsindən sonra oyun meydanına daxil olur. Ehtiyat oyunçu oynamaq üçün meydana yalnız orta xəttin yanından və oyun saxlanılan anda çıxır. Ehtiyat oyunçunun meydana çıxması ilə əvəzetmə başa çatır. Bu andan ehtiyat oyunçu əsas heyətin oyunçusu olur və əvəz edilmiş oyunçu oyundan çıxmış hesab edilir. Bütün əvəz edilmiş və ehtiyat oyunçular, oynayıb-oynamamalarından asılı olmayaraq, hakimin səlahiyyətlərinə tabedirlər.

Qapıçının dəyişdirilməsi. İstənilən oyunçu qapıçı ilə yerini dəyişə bilər, bu şərtlə ki; dəyişikliyin edilməsindən əvvəl hakim məlumatlandırılsın; dəyişilik oyun saxlanılan zaman edilsin.

Pozuntular və cəzalar. Əgər ehtiyat, yaxud əvəz olunan oyunçu hakimin icazəsi olmadan meydana daxil olursa; hakim oyunu saxlayır, qeyri idman hərəkətinə görə ona sarı vərəqə göstərməklə xəbərdarlıq edir və oyunçuya meydanı tərk etmək göstərişi verir; matç oyun saxlanılan anda topun olduğu yerdən, rəqib komandanın xeyrinə təyin edilən sərbəst zərbə ilə bərpa olunur. Əgər oyunçu hakimi qabaqcadan xəbərdar etmədən qapıçı ilə yerini  dəyişirsə; hakim oyunu davam etdirir, top növbəti dəfə oyundan çıxdıqda sarı vərəqə göstərməklə, müvafiq oyunçulara xəbərdarlıq edir. Bütün göstərilən vəziyyətlərdə, hakim üstünlük prinsipindən istifadə etməlidir.

Oyunun bərpası. Əgər oyunun hakimi tərəfindən, oyunçuya xəbərdarlıq etmək üçün oyun dayandırılırsa, oyun saxlanılan zaman top olduğu yerdən, əks komandanın xeyirinə sərbəst zərbə təyin edilir.

Oyundan öncə oyunçunun qovulması. Matç başlamadan öncə meydandan qovulan oyunçu, oyunda iştirak edə bilməz. Komanda oyuna tam heyətlə çıxır.

Beynalxalq şuranın qərarı, FİFA

Qərar 1. Matçın gedişatında məşqçi oyunçulara taktiki təlimatları vermək hüququna malikdir. O və qalan rəsmi şəxslər texniki zonanın daxilində qalmağa məcburdular, onlar özünü düzgün və lazımlı məsuliyyətlə aparmalıdılar.

4. Oyunçuların geyimi.

Geyim. Komandanın oyunçuları idman paltarında və idman ayaqqabısında olmalidilar.

Təhlükəsizlik. Oyunçu özünə, yaxud digər oyunçuya təhlükə törədən geyim geyinməməli və zinət əşyaları gəzdirməməlidir. (bura istənilən növ zərgərlikəşyaları daxildir).

Pozuntular və cəzalar. Bu qaydanın hər hansı bəndi pozulduqda; oyunçuya, geyimini qaydaya salmaq üçün hakim tərəfindən oyun meydanını tərk etmək göstərişi verilir; hər hansı oyunçu geyimini qaydaya salmaq üçün hakimin tələbi ilə meydanı tərk etmişsə, o, hakimin icazəsi olmadan meydana qayıda bilməz; oyunçuya meydana qayıtmağa icazə verməmişdən əvvəl hakim oyunçunun geyimini yoxlayır; oyunçu yenidən meydana yalnız top oyundan çıxdıqdan sonra qayıda bilər. Bu qaydanın pozulmasına görə hakimdən meydanı tərk etmək göstərişi alan oyunçu hakimin icazəsi olmadan meydana qayıdırsa (və ya təkrar qayıdarsa), ona sarı vərəqə göstərilməklə xəbərdarlıq edilir. Hər bir qapıçı, digər oyunçulardan və hakimdən fərqlənən rəngli geyimdən istifadə etməlidir.

Oyunun bərpası. Əgər hakim xəbərdarlıq etmək üçün oyunu saxlayıbsa; matç əks komandanın oyunçusu tərəfindən oyunun saxlanıldığı anda topun olduğu yerdən sərbəst zərbə ilə bərpa edilir.

5. Hakim.

Hakimin səlahiyyəti. Hər bir matç, oyun qaydalarını tətbiq etmək üçün tam səlahiyyətə malik hakim tərəfindən idarə olunur.

Hakimin hüquq və vəzifələri. Oyun qaydalarına riayət olunmasını təmin edir; köməkçiləri ilə (əgər varsa) qarşılıqlı əlaqədə və lazım olan yerdə ehtiyat hakimlə oyunun gedişinə nəzarət edir; istifadə edilən hər hansı topun Qayda 2-nin tələblərinə müvafiq olmasını təmin edir; oyunçuların geyiminin Qayda 4-ün tələblərinə müvafiq olmasını təmin edir; oyunun başlanğıc vaxtını və fasilə müddətini müəyyən edir; oyunun xronometrajını və matçda qeydlər aparır; uzaqlaşdırılmış oyunçunun cərimə vaxtını izləyir; hər hansı Qayda pozuntusuna görə, özünün rəyinə əsasən, oyunu saxlayır, müvəqqəti dayandırır və ya tamamilə bitirir; hər hansı kənar müdaxilə zamanı görüşü saxlayır, müvəqqəti dayandırır və ya tamamilə bitirir; onun rəyinə görə oyunçu ciddi zədə alıbsa, oyunu saxlayır və oyunçunun meydandan çıxarılmasını təmin edir; onun rəyinə əsasən oyunçu yüngül zədə alıbsa, topun oyundan çıxmasına qədər oyunun davam etməsinə imkan verir; yaranan qanaxma hallarında oyunçunun meydandan çıxarılmasını təmin edir. Hakim qanaxmanın kəsilməsinə əmin olduqda oyunçunun meydana qayıtmasına işarə verə bilər; komandaya qarşı qayda pozuntusu olduğu halda üstünlük prinsipini rəhbər tutaraq oyunun davam etdirilməsinə imkan yaradır. Əgər bu üstünlükdən istifadə olunmursa, ilkin qayda pozuntusuna görə təqsirkarı cəzalandırır; oyunçu eyni vatda birdən artıq qayda pozuntusu edərsə, onda onu daha ciddi qayda pozuntusuna görə cəzalandırır; qaydaların pozulmasına görə təqsirkarı xəbərdarlıqla, yaxud qırmızı vərəqə göstərməklə cəzalandırma tədbirləri görür. Sanksiyanı dərhal tətbiq etmək mütləq deyil, amma top oyundan çıxan kimi təqsirkarı cəzalandırmalıdır; komandaların rəsmi şəxslərinə münasibətdə, özlərini nəzakətsiz aparanları meydandan və oyun meydanını əhatə edən ərazidən uzaqlaşdıra bilər; özünün görmədiyi münaqişə zamanı köməkçilərinin tövsiyəsi ilə hərəkət edir; kənar şəxslərin meydana daxil olmamasını təmin edir; oyunun saxlanılmasından sonra bərpasına göstəriş verir; oyundan əvvəl, oyun zamanı, yaxud matçdan sonra oyunçular, komandaların rəsmi şəxsləri, eləcə də hər hansı münaqişə haqqında müvafiq təşkilata raport təqdim edir, bura oyunçulara qarşı görülmüş bütün cəza tədbirləri də daxildir.

Hakimin qərarları. Hakimin oyunla bağlı, qolun qeydə alınması, yaxud alınmaması və matçın nəticəsi üzrə faktları ilə bağlı qərarları qətidir. Hakim verdiyi qərarın səhv olduğunu başa düşürsə (özünün rəyinə görə) və ya hakim köməkçisinin tövsiyəsinə əsasən qərarını dəyişə bilər, bir şərtlə ki, oyun yenidən başlanmamış olsun.

Beynalxalq şuranın qərarı, FİFA

Qərar 1. Hakim (yaxud şəraitdən asılı olaraq hakimin köməkçisi və ya ehtiyat hakim) məsuliyyət daşımır; oyunçu, rəsmi şəxs və ya tamaşıçıdan aldığı hər hansı zədəyə görə; hər hansı avadanlığa yetirilmiş ziyana görə; oyun qaydalarının tələblərinə müvafiq olaraq matçın təşkili, keçirilməsi və idarə edilməsi ilə bağlı çıxarılan qərar nəticəsində hər hansı şəxsə, kluba, kompaniyaya, assosiasiyaya və ya digər təşkilatlara dəymiş ziyana görə. Bura daxil ola bilər; oyun meydanının, yaxud onu əhatə edən ərazinin və ya hava şəraitinin, matçın keçirilməsi üçün əlverişli olub-olmaması barədə çıxarilan qərar; hər hansı səbəbə görə matçın dayandırılması haqqında çıxarılan qərar; matç ərzində istifadə olunan avadanlığın və topun əlverişli olub-olmaması barədə çıxarılan qərar; tamaşaçıların oyuna müdaxiləsi və ya tribunada yaranan hər hansı problemlə əlaqədər matçın saxlanılıb-saxlanılmaması baradə çıxarılan qərar; yardım göstərilməsi məqsədi ilə, zədələnmiş oyunçunun oyun meydanından çıxarılması üçün oyunun saxlanılıb-saxlanılmaması barədə çıxarılan qərar; yardım göstərilməsi məqsədi ilə, zədələnmiş oyunçunun oyun meydanından çıxarılmasının tələb edilməsi barədə çıxarılan qərar; oyunçuya hər hası geyimi geyinmək üçün icazənin verilib-verilməməsi barədəçıxarılan qərar; hakimin səlahiyyəti çərçivəsində, hər hansı şəxsin (habelə, komandanın, yaxud stadionun rəsmi şəxsləri, təhlükəsizlik əməkdaşları, fotoqraf və ya kütləvi informasiya vasitələrinin digər nümayəndələri) oyun meydanını əhatə edən ərazidə dayanması üçün icazənin verilib-verilməməsi barədə çıxarılan qərar; matç ərzində Oyun Qaydalarına müvafiq olaraq və ya onların tələblərinə uyğun olaraq, yarış reqlamentinin şərtləri altında çıxarılan hər hansı qərar.

Qərar 2. Oyunla bağlı nəzərdə tutulmuş faktların, hesaba alınmış və ya sayılmayan qol və oyunun nəticəsi nəzərdə tutulur.

BFL şurasının qərarları.

Qərar 1. İdman ayaqqabısı, hakimin idman görünüşünə məcburi əlavə sayılır.

Qərar 2. Matçın əsas vaxtı başa çatanda, ehtiyat hakim lövhədə artırılmış vaxtı göstərir. Ehtiyat hakim olmadıqda baş hakim özü, kompensasiya edilmiş vaxtı komandalara jestlə göstərir. Oyundan sonra hakim komandalara son hesabı elan edir.

6. Hakimin köməkçisi və ehtiyat hakim.

Hakim köməkçisinin vəzifələri. Oyuna hakim köməkçisi təyin oluna bilər. O meydanda olan hakimə kömək edəcək və ona mane olmadan bütün vəzifələri yerinə yetirəcək.

Ehtiyat hakimin vəzifələri. Ehtiyat hakim istənilən inzibati vəzifələrin icrasında köməklik edir, oyundan əvvəl, oyun vaxtı və oyundan sonra. Əvəzetmə proseduruna nəzarət edir. Ehtiyat hakim, qovulmuş oyunçunun cərimə vaxtına nəzarət edir. Topların dəyişdirilməsinə nəzarəy edir. Əgər matçda istifadə edilən top oyunun gedişatında əvəz edilməlidirsə, oyunda ləngiməni minimuma endirmək üçün o başqa topların mövcudluğunu təmin edir. Ehtiyat oyuçuların meydana çıxışına gədər, onların geyimini yoxlamaq hüququna malikdir. Əgər onların geyimi Oyun Qaydalarına uyğun deyilsə, o bu haqda hakimi xəbərdar edir. Ehtiyat hakim texniki zonada yerləşən hər hansı şəxsin nəzakətsiz davranışı barədə baş hakimi məlumatlandırmalıdır.

Kömək. Hakim köməkçisi eyni zamanda, hakimə matçı oyun qaydalarına uyğun keçirməkdə kömək edir. Hakim əsaslandırılmamış müdaxilə zamanı və ya nəzakətsiz davranışa görə, köməkçisini funksiyasını yerinə yetirməkdən azad edir və müvafiq orqana raport təqdim edir.

7. Oyunun davamiyyəti.

Oyunun vaxtı. Matç davamiyyəti, hər biri 25 dəqiqə davam edən iki bərabər hissədən ibarətdir. Hissələrin davamiyyəti yalnız, matçın başlamasından əvvəl hakim və komandalar arasında əldə edilmiş razılığa əsasən və yarışın reqlamentinə uyğun olaraq azaldıla bilər.

Hissələr arasında fasilə. Oyunçular iki hissə arasında fasilə hüququna malikdirlər. Hissələr arasında fasilə 5 dəqiqədən artıq ola bilməz. Hissələr arasında fasilənin davamiyyəti yalnız hakimin və komandaların razılığı ilə dəyişdirilə bilər.

Artırılmış vaxt. Hər hansı hissə ərzində, itirilmiş vaxt hakim tərəfindən həmin hissənin davamiyyətinə əlavə edilir; zədələnmiş oyunçunun zədəsinin qiymətləndirilməsi və ya onun meydandan çıxarılması; vaxtın uzadılması; hər hansı digər səbəblər. Artırılmış vaxtı yalnız hakim müəyyən edir.

10 metrlik zərbə. Oyunun əsas və ya artırılmış vaxtının sonunda təyin edilmiş 10 metrlik zərbənin yerinə yetirilməsi və ya təkrar edilməsi üçün vaxt artırılır.

Əlavə vaxt. Yarışların reqlamentində əlavə olunan iki bərabər hissə ola bilər. Bu hallaqeda Qayda 8 rəhbər tutulur.

Başa çatdırılmamış matç. Əgər yarışların reqlamentində digər hallar nəzərdə tutlmayıbsa, başa çatdırılmamış matç yenidən keçirilir.

BFL şurasının qərarı.

Qərar 1. Əlavə vaxt, fasiləsiz olan və komandaların qapılarını dəyişməsi ilə 10 dəqiqədən ibarət olan iki bərabər hissə nəzərdə tutulur. Əlavə vaxt, “qızıl qol” qaydası olmadan tamamilə oynanılır.

8. Oyunun başlanması və bərpası.

İlkin şərtlər. Püşkatma keçirilir və püşkü udan komanda matçın birinci hissəsində hücum edəcəyi qapını seçmək hüququ qazanır. Digər komanda başlanğıc zərbəsini yerinə yetirir. Püşkatmada qalib gələn komanda ikinci hissədə başlanğıc zərbəsini yerinə yetirir. İkinci hissədə komandalar qapıları dəyişir və əks qapılara hücum edirlər.

Başlanğıc zərbəsi. Başlanğıc zərbəsi – bu, oyunun başlanması, yaxud bərpası üsuludur; oyunun başlanğıcında; vurulmuş qoldan sonra; ikinci hissənin başlanğıcında; hər bir əlavə hissənin başlanğıcında, əgər bu, müəyyən edilirsə. Başlanğıc zərbəsindən birbaşa rəqib komandanın qapısına vurulan qol qeydə alınır.

Prosedur: bütün oyunçular meydanın özlərinə aid hissəsində olmalıdılar; başlanğıc zərbəsini yerinə yetirmək hüququ qazanan komandaya, rəqib oyunçular topun oyuna daxil edilməsinə qədər ondan 8m məsafədə olmalıdırlar; top meydanın mərkəzində hərəkətsiz vəziyyətdə olmalıdır; hakim işarə verir; topa zərbə endirildikdə və top aşkar şəkildə hərəkət etdikdə oyunda sayılır; başlanğıc zərbəsini yerinə yetirən oyunçunun topa ikinci dəfə, digər oyunçu topa toxunana gədər, toxunmağa ixtiyarı yoxdur. Komandalardan birinin qol vurmasından sonra başlanğıc zərbəsi digər komandanın üzvləri tərəfindən yerinə yetirilir.

Pozuntular və cəzalar. Əgər başlanğıc zərbəsini yerinə yetirən oyunçu topa digər oyunçunun toxunmasından əvvəl yenidən toxunarsa, qayda pozulan anda topun olduğu yerdən rəqib komandanın xeyrinə sərbəst zərbə təyin edilir. Başlanğıc zərbəsinin digər hər hansı qayda pozuntusuna görə, başlanğıc zərbəsi təkrar edilir.

Mübahisəli top. ”Mübahislə top” – müvəqqəti saxlamadan sonra oyunun yenidən bərpa edilməsi üsuludur, hansı ki, bu zərurət top oyunda olduğu müddətdə oyun Qaydalarında nəzərdə tutulmamış hər hansı bir səbəbə görə yaranmışdır.

Prosedur. Hakim topu oyun saxlanılan anda topun olduğu yerdə yerə atır. Top yer səthinə toxunduqda oyunda hesab olunur.

Pozuntular və cəzalar. ”Mübahisəli top” yenidən atılır əgər, top yer səthinə toxunmazdan əvvəl oyunçu topa toxunarsa və top yer səthinə toxunduqdan sonra heç bir oyunçuya toxunmadan meydanı tərk edərsə.

9. Top oyunda olduqda və olmadıqda.

Top oyunda deyil. Top oyundan çıxmış hesab edilir əgər, top qapı xəttini, yaxud yan xətti yerlə və ya hava ilə tam keçibsə. Oyun hakim tərəfindən saxlanılmışsa.

Top oyundadır. Bütün digər hallarda, habelə topun matçın hakimlərindən, qapı dirəyindən, qapı tirindən və ya künc bayrağından qayidaraq meydanda qaldığı hallarda, top oyunda hesab edilir.

10. Qolun qeydə alınması.

Qol. Top qapı xəttini dirəklərin arasından və tirin altından tam keçibsə və bundan əvvəl, qol vuran komanda Oyun Qaydalarını pozmayıbsa, qol qeydə alınır.

Qalib komanda. Matç ərzində daha çox qol vuran komanda qalib sayılir. Əgər hər iki komandabərabər sayda qol vurarsa və ya əgər qol vurulmazsa, matç heç-heçə nəticəsi ilə başa çatır.

Yarışın reqlamenti. Yarışın reqlamentində, heç-heçə başa çatan matçın qalibini müəyyən etmək üçün əlavə vaxt və ya 10 metrlik zərbələr əlavə oluna bilər.

11. ”Oyundankənar” vəziyyət.

”Oyundankənar” vəziyyət qeydə alınmır.

12. Qayda pozuntuları və intizamsız davranış.

Qaydaların pozulması və intizamsız davranış aşağıdakı kimi cəzalandırılır:

Cərimə zərbəsi. Əgər hakimin qənaətinə görə oyunçu aşağıda göstərilən altı qayda pozuntusundan birini edərsə, hakim onun hərəkətini kobud, düşüncəsiz, yaxud həddən artıq fiziki güc işlətmək kimi qiymətləndirərək əks komandanın xeyrinə cərimə zərbəsi təyin edir; rəqibi ayaqla vurduqda və ya vurmağa cəhd etdikdə; rəqibə badalaq qoyduqda və badalaq qoymağa cəhd etdikdə; rəqibin üzərinə hoppandıqda; rəqibə hücum etdikdə; rəqibi əllə vurduqda və ya vurmağa cəhd etdikdə; rəqibi itələdikdə. Həmçinin əgər oyunçu aşağıda göstərilən dörd qayda pozuntusunundan birini edirsə, cərimə zərbəsinin yerinə yetirilməsi hüququ əks komandaya verilir: rəqiblə mübarizə zamanı topa toxunmamışdan əvvəl rəqibə təmas edərsə; rəqibi tutarsa; rəqibin üzərinə tüpürərsə; qəsdən əllə topa oynayarsa (özünün cərimə meydanında qapıçıdan başqa). Cərimə zərbəsi qayda pozuntusu olan yerdən yerinə yetirilir.

10-metrlik zərbə. Əgər oyunçu yuxarıda göstərilən 10 qayda pozuntusundan hər hansı birini öz cərimə meydanında edərsə, topun oyunda olması şərti ilə harada olmasından asılı olmayaraq, penalti təyin edilir.

Sərbəst zərbə. Əgər qapıçı öz cərimə meydanında aşağıdakı 5 qayda pozuntusundan birini edərsə, əks komandaya sərbəst zərbəni yerinə yetirmək hüququ verilir: topu əlindən buraxmamışdan əvvəl topa əli ilə nəzarət edərək altı saniyədən artıq müddətdə onu özündə saxlayarsa; topu oyuna buraxdıqdan sonra top başqa bir oyunçuya toxunmamış ona əli ilə təkrar toxunarsa; komanda yoldaşı tərəfindən bilərəkdən ayaqla ötürülən topa əli ilə toxunarsa; komanda yoldaşı tərəfindən yan xətdən oyuna daxil edilən topa əl ilə toxunarsa; bilərəkdən vaxtı uzadarsa. Əgər oyunçu hakimin fikrincə, aşağıdakı qayda pozuntularından birini edərsə, əks komandanın xeyrinə sərbəst zərbə təyin edilir: təhlükəli oynayarsa; rəqibin hərəkətinə mane olarsa (blokirovka); qapıçıya topu əlindən buraxmağa mane olarsa; Qayda 12 –də göstərilməmiş   hər hansı qayda pozuntusuna yol verdiyinə görə oyunçuya xəbərdarlıq etmək və ya onun meydandan qovulması üçün oyun saxlanılır.

Xəbərdarlıqla cəzalandırılan qayda pozuntuları. Oyunçu aşağıdakı 7 qayda pozuntusundan hər hansı birini edərsə, ona sarı vərəqə göstərilməklə xəbərdarlıq edilir: qeyri idman hərəkəti; sözlə, yaxud hərəkətlə etirazını bildirərsə; oyun qaydalarını sistematik olaraq pozarsa; oyun bərpasını ləngidərsə; künc, cərimə və ya sərbəst zərbə ilə oyun bərpa edilən zaman tələb olunan məsafəya riayət etmirsə; hakimin icazəsi olmadan meydandan çıxır və ya meydana qayıdırsa; hakimin icazəsi olmadan bilərəkdən meydanı tərk edirsə.

Qovulma ilə cəzalanan qayda pozuntuları. Oyunçu aşağıda göstərilən yeddi qayda pozuntusundan hər hansı birini edərsə, meydandan qovulur: ciddi qayda pozuntusu; təcavüzkar davranış; rəqibə, yaxud digər bir şəxsə tüpürərsə; qəsdən əllə oynayaraq rəqibə qol vurmağa mane olarsa və ya onu aşkar qol vurmaq imkanından məhrum edərsə (bu, qapıçıya öz cərimə meydanında aid edilmir); qapıya tərəf hərəkət edən rəqibi sərbəst, cərimə və ya 10 metrlik zərbə ilə cəzalandırıla bilən qayda pozuntusunu edərək onu aşkar qol vurmaq imkanından məhrum edərsə; təhqiredici, ləyaqətsiz,yaxud qeyri-etik ifadələr işlədər və hərəkətlər edərsə; eyni matç ərzində ikinci xəbərdarlıq alarsa.

Qovulmanın davamiyyəti. Qovulmuş oyunçu meydanı tərk edir və oyun ərzində bir daha oyunda iştirak edə bilməz. Həmin oyunçunun texniki zonada qalması qadağandır. Komanda 10 dəqiqə azlıqda oynayır. 10 dəqiqəlik müddət birinci hissədə başa çatmasa, qalan dəqiqələri ikinci hissəyə keçirilir. İkinci hissədə bitməmiş cəza vaxtı əlavə olunmuş vaxta keçirilir. 10 dəqiqəlik müddət bitdikdən sonra komanda heyəti tamamlamaq üçün hakimdən icazə aldıqdan sonra oyunun iştirak ərizəsində olan başqa bir oyunçunu oyuna daxil edə bilər.

Qərar 1. Top oyunda olan zaman, qapıçı öz cərimə meydanında rəqibi top ilə vurarsa və yaxud vurmağa cəhd edərsə, 10 metrlik zərbə təyin olunur.

Qərar 2. Rəqibin təhlükəsizliyini düşünmədən, oyunçunun arxasından topa müdaxilə etmək ciddi qayda pozuntusu kimi cəzalandırılacaq.

Qərar 3. Hakimi aldatmaq məqsədi ilə meydanın hər bir yerində edilən simulyasiya. qeyri idman hərəkəti kimi cəzalandırılır.

Qərar 4. Əgər hakim ehtiyat oyunçunu və yaxud rəsmi şəxsi qovursa, komanda tam heyətlə oynayır.

Qərar 5. Qovulmuş oyunçu və ya rəsmi şəxs komanda ilə texniki zonada qala bilməzlər.

Qərar 6. Komandanın oyunçusu və ya rəsmi şəxs, matç bitdikdən sonra, meydanı tərk etməmiş qovula bilərlər.

13. Cərimə və sərbəst zərbələr.

Zərbələrin növü. Zərbələr cərimə və ya sərbəst ola bilərlər. İstər cərimə, istərsə də sərbəst zərbə yerinə yetirilərkən top hərəkətsiz vəziyyətdə olmalıdır, zərbəni yerinə yetirən oyunçu ikinci dəfə hər hansı digər oyunçunun topa toxunmasından əvvəl topa toxuna bilməz.

Cərimə zərbəsi. Əgər top cərimə zərbəsindən birbaşa əks komandanın qapısına daxil olarsa, qol hesab edilir; əgər top cərimə zərbəsindən birbaşa öz qapısına daxil olarsa, əks komanda künc zərbəsi vurmaq hüququ qazanır.

Sərbəst zərbə.

İşarə. Hakim sərbəst zərbə zamanı əlini başı üzərində yuxarı qaldırmaqla işarə verir. O, əlini bu vəziyyətdə o vaxta qədər saxlayır ki, zərbə yerinə yetirliməyib və top digər oyunçuya toxunmayıb və ya oyundan çıxmayıb.

Cərimə və sərbəst zərbələrin yerinə yetirildiyi yer

Cərimə və sərbəst zərbənin cərimə meydanında yerinə yetirilməsi. Müdafiə olunan komandanın yerinə yetirdiyi cərimə və sərbəst zərbə: rəqibin bütün oyunçuları topdan 8 metrdən az olmayan məsafədə olmalıdırlar ; rəqibin bütün oyunçuları top oyuna daxil edilənə qədər cərimə meydanının kənarında olmalıdırlar; top cərimə meydanını tərk etdiyi vaxtdan oyunda hesab edilir; qapı meydanından yerinə yetirilməli olan cərimə və ya sərbəst zərbə qapı meydanının istənilən nöqtəsindən yerinə yetirilir. Hücum edən komandanın yerinə yetirdiyi sərbəst zərbə: rəqibin bütün oyunçuları top oyuna daxil edilənə qədər topdan ən azı 8 metr məsafədə dururlar, top o vaxt oyunda sayılır ki, ona zərbə endirilmişdir və top hərəkətdədir; qapı meydanında təyin olunan sərbəst zərbə, qaydanın pozulduğu yerə yaxın , qapı xəttindən 8 metrlik məsafədən yerinə yetirilir.

Cərimə meydanından kənarda yerinə yetirilən cərimə və ya sərbəst zərbə. Rəqib komandanın bütün oyunçuları top oyuna daxil edilənə qədər topdan ən azı 8 metr məsafədə olmalıdırlar; top o vaxt oyunda sayılır ki, ona zərbə endirilmişdir və hərəkətdədir; cərimə və ya sərbəst zərbə qaydanın pozulduğu yerdən yerinə yetirilir.

Pozuntular və cəzalar

Əgər cərimə və ya sərbəst zərbə yerinə yetirilərkən rəqib komandanın oyunçusu topa tələb olunan məsafədən yaxın durarsa, zərbə təkrar edilir. Öz cərimə meydanında müdafiə olunan komanda tərəfindən yerinə yetirilən cərimə, yaxud sərbəst zərbə zamanı top cərimə meydanını tərk etmirsə, zərbə təkrar edilir.

Qapıçıdan başqa bir oyunçu tərəfindən yerinə yetirilən cərimə və sərbəst zərbə. Əgər zərbəni yerinə yetirən oyunçu, top oyuna daxil olduqdan sonra, başqa bir oyunçuya toxunmamışdan əvvəl topa ikinci dəfə (əl ilə deyil) toxunarsa; əks komanda sərbəst zərbə vurmaq hüququ qazanır, sərbəst zərbə qaydanın pozulduğu yerdən yerinə yetirilir. Əgər top oyuna daxil olandan sonra zərbəni yerinə yetirən oyunçu topa digər oyunçunun toxunmasına qədər bilərəkdən əllə oynayarsa: əks komanda cərimə zərbəsi vurmaq hüququ qazanır, cərimə zərbəsi qaydanın pozulduğu yerdən yerinə yetirilir; əgər qaydanın pozulması zərbəni yerinə yetirən oyunçunun cərimə meydanında baş veribsə, onda 10 metrlik zərbə təyin edilir.

Qapıçı tərəfindən yerinə yetirilən cərimə, yaxud sərbəst zərbə. Əgər top oyuna daxil olandan sonra topun digər oyunçuya toxunmasından əvvəl, qapıçı topa təkrar toxunarsa (əli ilə deyil): əks komanda qaydanın pozulduğu yerdən sərbəst zərbə vurmaq hüququ qazanır. Əgər top oyuna daxil olandan sonra topun digər oyunçuya toxunmasından əvvəl, qapıçı topa bilərəkdən əli ilə oynayarsa: qayda pozuntusu bu qapıçının cərimə meydanından kənarda baş veribsə, əks komanda qayda pozuntusu olan yerdən cərimə zərbəsi vurmaq hüququ qazanır; zərbə qayda pozuntusu olan yerdən yerinə yetirilir; əgər qayda pozuntusu bu qapıçının cərimə meydanında baş veribsə, əks komanda sərbəst zərbə vurmaq hüququ qazanır; zərbə qaydanın pozulduğu yerdən yerinə yetirilir.

14. 10 metrlik zərbə.

Top oyunda olarkən oyunçular özlərinin cərimə meydanında cərimə zərbəsi ilə cəzalandırıla bilən 10 qayda pozuntusundan birini edərsə, onların qapısına 10 metrlik zərbə təyin edilir. 10 metrlik zərbədən bilavasitə vurulan qol qeydə alınır. Əsas vaxtın həriki hissəsinin, yaxud əlavə vaxtın sonunda təyin edilmiş 10 metrlik zərbəni yerinə yetirmək üçün vaxt artırılır.

Topun olduğu yer və oyunçuların mövqeyi. Top 10 metrlik nöqtənin üzərində olmalıdır. Zərbəni yerinə yetirən oyunçu lazəmi qaydada müəyyən edilməlidir. Müdafiə olunan komandanın qapıçısı, zərbə yerinə yetirilənə qədər qapı dirəkləri arasında, üzü zərbəni yerinə yetirən oyunçuya tərəf, topa zərbə endirilənə qədər öz qapı xətti üzərində durmalıdır. Zərbəni yerinə yetirən oyunçudan başqa digər bütün oyunçular; oyun meydanının daxilində; cərimə meydanından kənarda; 10 metrlik nöqtədən arxada; 10 metrlik nöqtədən ən azı 8 metr məsafədə olmalıdırlar.

Hakim. Oyunçular bu Qaydaya uyğun mövqe tutduqdan sonra hakim 10 metrlik zərbənin yerinə yetirilməsi üçün işarə verir. 10 metrlik zərbənin yerinə yetirilməsinin nə zaman tamamlandığına hakim qərar verir.

Prosedur. 10 metrlik zərbəni yerinə yetirən oyunçu topu ayaq zərbəsi ilə irəli istiqamətləndirir; zərbəni yerinə yetirən oyunçu, top başqa bir oyunçuya toxunmamış, ona təkrar toxuna bilməz; topa zərbə endirildikdə və aşkar şəkildə hərəkət etdikdə, top oyunda sayılır. Matçın və ya əlavə vaxtın hər bir hissəsinin sonunda təyin edilən 10 metrlik zərbənin yerinə yetirilməsi və ya tamamlanması üçün vaxt əlavə edilir. Top qapı dirəklərinin hər hansı birinə, yaxud hər ikisinə, eləcə də qapı tirinə və qapıçıya toxunduqdan sonra qapı dirəklərinin arasından və qapı tirinin altından keçərsə, qol hesaba alınır.

Pozuntular və cəzalar. Əgər hakim 10 metrlik zərbənin yerinə yetirilməsi üçün işarə verdikdən sonra və top oyuna daxil olana qədər aşağıdakı vəziyyətlərdən biri yaranarsa:

Zərbəni yerinə yetirən oyunçu oyun Qaydalarını pozursa: hakim zərbənin yerinə yetirilməsinə imkan verir; əgər top qapıya daxil olursa, zərbə təkrar edilir; əgər top qapıya daxil olmursa, zərbə təkrar olunmur.

Qapıçı oyun qaydalarını pozursa: hakim zərbənin yerinə yetirilməsinə imkan verir; əgər top qapıya daxil olursa, qol hesaba alınır; əgər top qapıya daxil olmursa, zərbə təkrar edilir.

Zərbəni yerinə yetirən oyunçunun komanda yoldaşı cərimə meydanına daxil olur və ya 10 metrlik nöqtənin qabağında hərəkət edir və ya 8 metrin hüdudlarına daxildirsə: hakim zərbənin yerinə yetirilməsinə imkan verir; əgər top qapıya daxil olursa, zərbə təkrar edilir; əgər top qapıya daxil olmursa, zərbə təkrar edilmir; əgər top qapıçıdan, qapı dirəklərindən və ya tirdən sışrayırsa və topa zərbə endirən oyunçu topa toxunarsa, hakim oyunu saxlayır və müdafiə olunan komandanın xeyirinə oyunu sərbəst zərbə ilə bərpa edir.

Qapıçının komanda yoldaşı cərimə meydanına daxil olur və ya 10 metrlik nöqtənin qabağında hərəkət edir və ya 8 metrin hüdudlarına daxildirsə: hakim zərbənin yerinə yetirilməsinə imkan verir; əgər top qapıya daxil olursa, qol hesaba alanır; əgər top qapıya daxil olmursa, zərbə təkrar edilir.

Hücum edən və müdafiə olunan komandanın oyunçuları oyun Qaydalarını pozurlarsa: zərbə təkrar edilir.

Əgər 10 metrlik zərbə yerinə yetirildikdən sonra:

Zərbəni yerinə yetirən oyunçu top digər oyunçuya toxunmamışdan əvvəl topa ikinci dəfə (əli ilə deyil) toxunarsa: əks komanda qaydanın pozulduğu yerdən sərbəst zərbə vurmaq hüququ qazanır.

Zərbəni yerinə yetirən oyunçu top digər oyunçuya toxunmamışdan əvvəl bilərəkdən əli ilə topa oynayarsa: əks komanda qaydanın pozulduğu yerdən cərimə zərbəsi vurmaq hüququ qazanır.

Top irəliyə doğru hərəkət edərkən, kənar əşya ona toxunarsa: zərbə təkrar edilir.

Top qapıçıdan, qapı dirəklərindən və tirdən sıçrayışla meydana qayıdandan sonra kənar şəxsə və ya əşyaya toxunarsa: hakim oyunu saxlayır, oyun topa kənar şəxs və ya kənar əşya toxunduğu yerdən “mübahisəli top”la bərpa edilir.

15. Topun yan xətdən oyuna daxil edilməsi.

Topun yan xətdən oyuna daxil edilməsi oyunun bərpa edilməsinin bir üsuludur. Bilavasitə yan xətdən atılan top qapıya daxil olarsa, qol hesaba alınmır.

Top yan xətti yerlə və ya hava ilə tam keçibsə, topun yan xətti keçdiyi yerdən topa sonuncu dəfə toxunan oyunçunun rəqibi onu yan xətdən oyuna daxil edir.

Topun atılmasının proseduru. Topun yan xətdən oyuna daxil edilməsi anında oyunçu: üzü meydana tərəf olur; hər iki ayaqlarının bir hissəsi ya yan xəttin üstündə, yaxud yan xəttin arxasında olur; topu hər iki əli ilə atır; topun atılması başın arxasından edilən hərəkətlə icra olunur. Atmanı yerinə yetirən oyunçu, topa hər hansı digər oyunçu toxunmamış, yenidən toxuna bilməz. Top meydana daxil edildikdən sonra oyunda hesab olunur.

Pozuntular və cəzalar.

Oyunçu tərəfindən topun yan xətdən oyuna daxil edilməsi. Əgər top oyuna daxil edildikdən sonra atmanı yerinə yetirən oyunçu topa hər hansı digər oyunçu toxunmamışdan əvvəl yenidən toxunarsa (əli ilə deyil): əks komanda qaydanın pozulduğu yerdən sərbəst zərbə vurmaq hüququ verilir. Əgər top oyuna daxil edildikdən sonra atmanı yerinə yetirən oyunçu topa hər hansı digər oyunçu toxunmamışdan əvvəl bilərəkdən topa əllə oynayarsa: əks komanda qaydanın pozulduğu yerdən cərimə zərbəsi vurmaq hüququ qazanır; əgər qayda pozuntusu topu yan xətdən oyuna daxil edən oyunçunun cərimə meydanında baş veribsə, bu halda 10 metrlik zərbə təyin edilir.

Atma qapıçı tərəfindən yerinə yetirilirsə. Əgər topun oyuna daxil edilməsindən sonra qapıçı (əli ilə deyil) topa hər hansı digər bir oyunçu toxunmamış təkrar toxunarsa, əks komandaya qaydanın pozulduğu yerdən sərbəst zərbə vurmaq hüququ verilir. Əgər top oyuna daxil edildikdən sonra top digər bir oyunçuya toxunmamışdan əvvəl bilərəkdən əllə oynayarsa: qaydanın pozulması bu qapıçının cərimə meydanından kənarda baş veribsə, əks komanda cərimə zərbəsi vurmaq hüququ qazanır. Bu halda zərbə qaydanın pozulduğu yerdən yerinə yetirilir. Qaydanın pozulması bu qapıçının cərimə meydanında baş veribsə, əks komanda sərbəst zərbə vurmaq hüququ qazanır. Bu halda zərbə qaydanın pozulduğu yerdən yerinə yetirilir.

Əgər rəqib oyunçu düzgün olmayan fəndlə atmanı yerinə yetirən oyunçunun diqqətini yayındırırsa və ya ona mane olursa, ona qeyri-idman hərəkətinə görə xəbərdarlıq edilir.

Bu Qaydanın hər hansı digər hallarının pozulmasına görə, atmanı əks komandanın oyunçusu yerinə yetirir.

16. Qapıdan zərbə.

Qapıdan zərbə oyunun bərpasının bir üsuludur. Bilavasitə qapıdan zərbədən sonra yalnız rəqib komandanın qapısına vurulan qol hesaba alınır.

Topa hücum edən komandanın oyunçusunun sonuncu toxunuşundan sonra, top qapı xəttini yerlə və ya hava ilə tam keçibsə və Qayda 10-a uyğun olaraq qol vurulmayıbsa, qapıdan zərbə təyin olunur.

Qapıdan zərbənin yerinə yetirilməsi. Zərbə mudafiə olunan komanda tərəfindən qapı meydanının 3 metr məsəfədən, hər hansı nöqtəsindən yerinə yetirilir. Rəqibıər top oyuna daxil edilənə qədər cərimə meydanının hüdudlarından kənarda olmalıdırlar. Zərbəni yerinə yetirən oyunçu, topa hər hansı digər oyunçu toxunmamış, təkrar toxuna bilməz. Zərbə yerinə yetirildikdən və top cərimə meydanını tərk etdikdən sonra oyunda hesab edilir.

Pozuntular və cəzalar. Əgər qapıdan vurulan zərbədən sonra top cərimə meydanını tərk etməyibsə, zərbə təkrar edilir.

Oyunçu tərəfindən yerinə yetirilən qapıdan zərbə. Əgər top oyuna daxil edildikdən sonra zərbəni yerinə yetirən oyunçu, topa hər hansı bir digər oyunçu toxunmamış, təkrar toxunarsa (əli ilə deyil): əks komanda qaydanın pozulduğu yerdən sərbəst zərbə vurmaq hüququ qazanır. Əgər top oyuna daxil edildikdən sonra zərbəni yerinə yetirən oyunçu, topa hər hansı bir digər oyunçu toxunmamış, bilərəkdən topa əllə oynayarsa: əks komanda qaydanın pozulduğu yerdən cərimə zərbəsi vurmaq hüququ qazanır; əgər qaydanın pozulması zərbəni yerinə yrtirən oyunçunun cərimə meydanında baş veribsə, onda 10 metrlik zərbə təyin edilir.

Qapıçı tərəfindən yerinə yetirilən qapıdan zərbə. Əgər topun oyuna daxil edilməsindən sonra qapıçı hər hansı digər oyunçu topa toxunmamış təkrar toxunarsa (əli ilə deyil), əks komanda qaydanın pozulduğu yerdən, sərbəst zərbə vurmaq hüququ qazanır. Əgər topun oyuna daxil edilməsindən sonra qapıçı hər hansı digər oyunçu topa toxunmamış bilərəkdən topa əllə oynayarsa: qayda pozuntusu qapıçının cərimə meydanından kənarda baş veribsə, əks komanda qaydanın pozulduğu yerdən cərimə zərbəsi vurmaq hüququ qazanır; qayda pozuntusu qapıçının cərimə meydanında baş veribsə, əks komanda qaydanın pozulduğu yerdən sərbəst zərbə vurmaq hüququ qazanır.

Bu Qaydanın hər hansı başqa bir pozuntusu zamanı, zərbə təkrar edilir.

17. Küncdən zərbə.

Küncdən zərbə oyunun bərpasının bir üsuludur. Bilavasitə künc zərbəsindən birbaşa rəqib komandanın qapısına vurulan qol hesaba alınır.

Top müdafiə olunan komandanın oyunçusunun sonuncu toxunuşundan sonra qapı xəttini yerlə və ya hava ilə tam keçibsə və Qayda 10-a uyğun olaraq qol vurulmayıbsa, küncdən zərbə təyin edilir.

Künc zərbəsinin vurulma qaydası. Top qapı xəttini keçdiyi nöqtəyə yaxın olan künc bayrağı qövsünün daxilində qoyur. Künc bayrağının dirəyi hərəkətsiz qalir. Rəqib oyunçular top oyuna daxil edilənə qədər topdan ən azı 8 metr məsafədə olmalıdırlar. Topa zərbəni hücum edən komandanın oyunçusu yerinə yetirir. Topa zərbə endirildikdə və o, aşkar şəkildə hərəkət etdikdə oyunda sayılır. Zərbəni yerinə yetirən oyunçu, top hər hansı bir digər oyunçuya toxunmamış, təkrar toxuna bilməz.

Pozuntular və cəzalar.

Qapıçıdan başqa bir oyunçu tərəfindən yerinə yetirilən küncdən zərbə. Əgər top oyuna daxil edildikdən sonra zərbəni yerinə yetirən oyunçu (əli ilə deyil), topa hər hansı bir digər oyunçu toxunmamış, təkrar toxunarsa, əks komanda qaydanın pozulduğu yerdən sərbəst zərbə vurmaq hüququ qazanır. Əgər top oyuna daxil edildikdən sonra zərbəni yerinə yetirən oyunçu, topa hər hansı bir digər oyunçu toxunmamış, bilərəkdən topa əli ilə oynayarsa: əks komanda qaydanın pozulduğu yerdən cərimə zərbəsi vurmaq hüququ qazanır; əgər qayda pozuntusu zərbəni yerinə yetirən oyunçunun cərimə meydanında baş veribsə, onda 10 metrlik zərbə təyin edilir.

Qapıçı tərəfindən yerinə yetirilən küncdən zərbə. Əgər top oyuna daxil edildikdən sonra qapıçı (əli ilə deyil) topa hər hansı bir digər oyunçu toxunmamış, təkrar toxunarsa, əks komanda qaydanın pozulduğu yerdən sərbəst zərbə vurmaq hüququ qazanır. Əgər top oyuna daxil edildikdən sonra qapıçı, topa hər hansı bir digər oyunçu toxunmamış, bilərəkdən əllə oynayarsa: əqər qayda pozuntusu qapıçının cərimə meydanından kənarda baş veribsə, əks komanda qaydanın pozulduğu yerdən cərimə zərbəsi vurmaq hüququ qazanır; əgər qayda pozuntusu qapıçının cərimə meydanında baş veribsə, əks komanda qaydanın pozulduğu yerdən sərbəst zərbə vurmaq hüququ qazanır.

Bu qaydanın hər hansı bir digər pozuntusuna görə zərbə təkrar edilir.

18. Oyunsonrası yerinə yetirilən 10 metrlik zərbələr.

10 metrlik zərbələrin yerinə yetirilməsi, yarışların reqlamentinə əsasən heç-heçə ilə nəticələnən matçda, qalib komandanı müəyyən etmək üçün bir üsuldur.

Zərbələrin vurulma qaydası.

Zərbələrin hansı qapıya vurulmasını hakim seçir.

İlk zərbəni yerinə yetirən komandanı müəyyən etmək üçün hakim kapitanlar arasında püşkatma keçirir.

Hakim yerinə yetirilən zərbələri qeydə alır.

Aşağıda qeyd edilən şərtlərə əməl edilməklə, onlara riayət olunmaq şərti ilə, komandaların hər biri beş zərbə yerinə yetirir.

Zərbələr komandalar arasında növbə ilə yerinə yetirilir.

Əgər komandalar beş zərbəni yerinə yetirərkən, onlardan biri daha çox qol vurarsa, digər komanda isə hətta qalan bütün zərbələri uğurla yerinə yetirdikdə belə rəqibə çatmayacağı halda, zərbələrin yerinə yetirilməsi dayandırılır.

Əgər komandalar beş zərbəni yerinə yetirdikdən sonra hər ikisi eyni sayda qol vurmuşsa və ya heç bir qol vurmamışsa, zərbələrin həmin qaydada yerinə yetirilməsi davam etdirilir, o vaxta qədər ki, komandalardan biri digərindən bir qol artıq vurur, bu zaman yerinə yetirilmiş zərbələrin sayı bərabər olmalıdır.

Bütün zərbələr digər oyunçular tərəfindən yerinə yetirilir və oyunçuya təkrar zərbə vurmaq üçün o vaxt imkan verilir ki, zərbə hüququna malik olan oyunçuların hamısı bu imkandan istifadə etmiş olsunlar.

10 metrlik nöqtədən zərbələr yerinə yetirilərkən meydanda ancaq zərbə vurmağa ixtiyarı olan oyunçular və matçın hakimləri ola bilər.

Zərbəni yerinə yetirən oyunçudan və iki qapıçıdan başqa bütün oyunçular mərkəz dairənin daxilində qalmalıdırlar.

Zərbəni yerinə yetirən oyunçunun komanda yoldaşı olan qapıçı meydanda qalmalı, zərbə yerinə yetirilən cərimə meydanının xaricində qapı xətti ilə cərimə meydanının kəsişdiyi xətlərin məhdudlaşdırıldığı sahədə olmalıdır.

10 metrlik nöqtədən zərbələrin yerinə yetirilməsində müvafiq oyun qaydaları və digər göstərişlər verilmirsə, Liqa Şuranın qərarları tətbiq edilir.

BFL şurasının qərarları.

Qərar 1. Qovulmuş oyunçu oyun sonrası 10 metrlik zərbəni yerinə yetirə bilməz.

Qərar 2. Komandalar təkrar zərbəyə 8-ci zərbədən sonra vurmaq hüququna malikdirlər. Rəqibdən daha çox oyunçularla matçı başa vuran komanda (travma və ya qovulma) olduqda, oyun sonrası 10 metrlik zərbələri yerinə yetirmək üçün komandaların oyunçularının sayı bərabər olması üçün, hakim sayı azaldır. Belə oyunçuların sayı 6-dan az ola bilməz (Qapıçı daxil olmaqla).

19. Texniki zona.

Ehtiyat oyunçular, məşqçi və komandaya aidiyyatı olan digər şəxslər texniki zonada olmalıdırlar, özlərini düzgün və məsuliyyətli aparmalıdırlar.

Azarkeşlər və digər şəxslər meydanı məhdudlaşdıran xətlərdən ən azı 2 metr məsafədə olmalıdırlar.